Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial siyasət həyata keçirilməkdədir. Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır.
Yəni, hazırda hökümətin reallaşdırdığı ardıcıl və uğurlu sosial layihələr ölkə əhalisinin bütün təbəqəsini əhatə etməkdədir. Təbii ki, bu layihələrin bir hissəsi gələcəyimiz olan uşaqlara daha yaxşı həyat səviyyəsi bəxş etmək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır. Lakin nədənsə, son vaxtlar uşaqlar üçün verilən müavinətin bərpası məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Mövzu ətrafında spekulyativ manipulyasiya edilir və cəmiyyətdə çaşqınlıq yaradılmasına cəhd göstərilir.
Bəs, görəsən, müavinətlərin bərpası zəruridirmi? Bu addım uşaqların sosial müdafiəsini həqiqətən gücləndirə bilərmi?
Məlumat üçün bildirək ki, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda uşaqlar üçün müavinət verilmir. Çünki həmin tarixdən ölkəmizdə həyata keçirilən sosial siyasətin daha əhatəli və ünvanlı olması üçün aztəminatlı ailələrə ünvanlı sosial yardımlar təyin olunur. Təsadüfi deyil ki, bu gün ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələlərin üzvlərinin yarıdan çoxu 18 yaşınadək uşaqlardır. Bir ailəyə düşən orta aylıq yardım məbləği isə 199,15 manat təşkil edir. Bundan başqa, hazırda dövlət başçısının sosial inkişafın təmin edilməsinə yönələn fərman və sərəncamları uşaqların dövlət qayğısı ilə əhatə olunması tədbirlərinin əhəmiyyətli şəkildə genişlənməsinə imkan yaradıb. Bu gün Azərbaycanda sırf uşaqların sosial müdafiəsinə yönələn 10-dan çox aylıq sosial müavinət növü var. Məsələn, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara aylıq sosial müavinət; şəhid ailələrinin və müharibə əlillərinin uşaqları aylıq sosial müavinət; beşdən çox uşağı olan qadınların uşaqlarına aylıq sosial müavinət; müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial müavinət, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət; valideyn himayəsindən məhrum olmuş uşaqlara aylıq sosial müavinət; aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət. Həmçinin, bunlarla yanaşı yeni doğulan uşaqlara görə, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına (ildə bir dəfə) birdəfəlik müavinət də ödənilir.
Təbii ki, Azərbaycan dövlətinin uşaqlara yönələn sosial siyasətinin əhatəliliyini təsdiqləyən digər faktlar da mövcuddur. Məsələn, ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır. Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Bundan başqa valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, sığortaolunanlara üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.
Əgər bu müavinətlərin məbləğinə nəzər yetirsək görərik ki, həmin vəsaitlərin həcmində ilbəil artım baş verir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il həyata keçirdiyi sosial islahatlar paketi çərcivəsində aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Eyni zamanda, beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata,yeni doğulan uşaqlara görə birdəfəlik müavinət isə 109 manatdan 200 manata çatdırılıb. Beləliklə, sadalanan faktlar Azərbaycanda uşaqların sosial müdafiəsinin ünvanlı və əahtəli olmasını vurğulamağa tam əsas verir. Uşaq pulunun bütün ailələrə şamil olunması məsələsinə gəldikdə isə burada bir məqamı unutmaq olmaz ki, uşaq pulu əksər hallarda demoqrafik problemlərlə üzləşən dövlətlərdə tətbiq olunur. Demoqrafik göstəriciləri yaxşılaşdırmaq üçün stimullaşdırıcı tədbirlər çərçivəsində bütün uşaqların müavinətlə təminatı məqbul sayılır. Bu dövlətlər sırasında dünyanın ən inkişaf etmiş dövlətləri də yer alır. Yəni, inkişaf etmiş ölkələrdə uşaq pulu yüksək məbləğdə verilir və əhalinin azalmasının qarşını almaq üçün görülən stimullaşdırıcı tədbir xarakteri daşıyır. Bəs, bu məsələ Azərbaycan üçün aktualdırmı? Təbii ki, deyil. Məlum olduğu kimi, Azərbaycanda bu yaxınlarda 10 milyonuncu sakin dünyaya gəldi, ölkəmiz yalnız Cənubi Qafqazda deyil, bütövlükdə postsovet ölkələri arasında ən yaxşı demoqrafik göstəricilərə malikdir, əhali artımı, eləcə də əhalinin demoqrafik balansında uşaq, yeniyetmə və gənclərin faizləri yüksəkdir. Statistikaya görə, son 15 ildə əhali artımı 1.7 milyon nəfər təşkil edib. Göründüyü kimi, hazırda əhali artımının əlavə təşviq edilməsi kimi zərurət yoxdur.
Uşaq pulu ilə bağlı digər bir təcrübə isə sosialist düşərgəsinə daxil olan keçmiş ölkələrin bəzisində mövcuddur. Həmin ölkələrdə bu vəsait hələ də aztəminatlı çoxuşaqlı ailələrə sosial yardım məqsədilə verilir. Təbii ki, Azərbaycan da sosial siyasətin əsasında insan amili, azərbaycanlı ailəsinin rifahı amili durur. Sosial müavinətlər verilərkən ailədə uşaqların olması, uşaqların sayı da diqqətdə saxlanılır və ünvanlılıq prinsipi əsas götürülür. Nəzərə almaq lazımdır ki, həm müavinət, həm ünvanlı yardım, həm də ailələrə dəstək proqramları paralel icra oluna bilməz. Əgər "uşaq pulu" yuxarı məbləğdə təyin olunacaqsa, bu halda ailə avtomatik ünvanlı sosial yardım almaq imkanını itirəcək. Yəni ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Müavinətlərin ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilməsi təklifi isə sosial ədalət prinsipinə ziddir. Çünki gəlirləri yüksək olan ailələrə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi onlar üçün hiss olunacaq dərəcədə təsirli olmayacaq. Amma həmin vəsaitin aztəminatlı ailələrin təminatına yönəldilməsi daha effektli olacaq. Yəni, bu gün ölkəmizdə tətbiq olunan ünvanlı sosial yardım daha əhatəli və daha ünvanlıdır.
Onu da xatırlatmaq yerinə düşər ki, bu il ərzində dövlət həm də minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib. Bu isə dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Məlum olduğu kimi, iyunun 18-də Prezident İlham Əliyev imzaladığı 17 sərəncamla əhalinin müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq etdi. Beləliklə, sosial sahədə ilin əvvəlində atılan inqilabi addımların yeni mərhələsinə start verildi. Həmin sərəncamlara əsasən, minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz , hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Yəni, bu gün cənab Prezidentin də qeyd etdiyi kimi artan büdcə imkanları əhalinin sosial rifahının yüksəldilməsi üçün istifadə olunur. Eyni zamanda insan kapitalının inkişaf etdirilməsi məqsədilə əlavə resurslar təhsilə, elmə yönəldilir.